İsrail Prezidenti İsxak Hersoq, xarici işlər naziri Gideon Saar və Knessetin sədri Amir Ohana bu gün Serbiyanın paytaxtı Belqradda keçiriləcək beynəlxalq konfransa videobağlantı vasitəsilə qatılacaqlar.
Konfrans Serb-Amerika Dostluq Konqresi və Serbiya parlamentinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbir “Dəyişən dünyada tərəfdaşlar: Mərkəzi və Şərqi Avropa, Amerika, İsrail və yeni Yaxın Şərq” mövzusuna həsr olunub.
Konfransda ABŞ senatoru Ted Kruz, həmçinin Konqres üzvləri Treysi Mann, Robert Aderholt və Coş Qotxaymer də videobağlantı vasitəsilə çıxış edəcəklər.
“Times of Israel” nəşrinin məlumatına görə, tədbir İsrail və Serbiya arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Serbiya Avropa İttifaqı və NATO üzvü olmasa da, son illərdə İsrailin Avropadakı əsas tərəfdaşlarından birinə çevrilib.
Xatırladaq ki, bu ilin aprel ayında Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin müdafiə qabiliyyətini artırmaq və hərbi məhsulların ixracını genişləndirmək məqsədilə İsraillə birgə döyüş pilotsuz uçuş aparatlarının istehsalını planlaşdırdıqlarını açıqlamışdı.
Həmin ay Yerusəlimdə keçirilən görüşdə İsrailin xarici işlər naziri Gideon Saar və Serbiyanın xarici işlər naziri Marko Curiç də iki ölkə arasında azad ticarət sazişi və yeni strateji dialoq mexanizminin yaradılması istiqamətində addımlar atacaqlarını bəyan etmişdilər.