Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.
Rüfət Hacıəlibəyov informasiya texnologiyaları və rəqəmsal transformasiya sahəsində uzunillik təcrübəyə malik mütəxəssisdir. O, daha əvvəl HP, Microsoft və SAP kimi beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb, 25 ildən artıq informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib.
2022-ci ilin iyulunda səhiyyə naziri Teymur Musayevin əmri ilə səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir təyin olunan Rüfət Hacıəlibəyov son illərdə ölkənin səhiyyə sistemində rəqəmsal transformasiya layihələrinin həyata keçirilməsində iştirak edib.
Qeyd edək ki, Rüfət Hacıəlibəyov 2021-ci ildə Azərbaycan Respublikasında informasiya texnologiyaları sektorunun inkişafına verdiyi töhfələrə görə “Tərəqqi” medalı ilə təltif edilib.