İran ordusunun Hörmüz boğazından keçən tankerlərə raket zərbəsi endirdiyi deyilir.
ABŞ rəsmisinin “Axios”a verdiyi məlumata görə, çərşənbə axşamına keçən gecə İran Hörmüz boğazından keçən azı iki ticarət gəmisinə raket atıb. Hər iki gəmi zərbə nəticəsində ciddi zədələnsa da, ölən və ya yaralanan olmayıb.
“The Wall Street Journal” isə yazır ki, hədəfə alınan gəmilərdən biri Qətərə məxsus “Al-Rekayyat” LNG tankeri olub. Məlumata görə, raket gəminin mühərrik bölməsinə dəyib və yanğın baş verib, lakin ekipaj üzvləri xəsarət almayıb.
Bir neçə saat sonra İran dövlət televiziyası ölkə qüvvələrinin Hörmüz boğazından keçən ən azı bir LNG tankerinə hücum etdiyini təsdiqləyib. Rəsmi versiyaya əsasən, tanker İran qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığı üçün hədəfə alınıb.
Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) Oman sahilləri yaxınlığında üzən bir tankerin naməlum silahla hücuma məruz qaldığını bildirmişdi.
ABŞ Prezidenti Donald Trump isə jurnalistlərə açıqlamasında bildirib ki, bütün hallarda İranla razılaşma əldə olunacaq:
“İranla razılaşma mütləq əldə olunacaq, ya da başladığımız işi başa çatdıracağıq”.
Onun sözlərinə görə, Tehran rejimi razılaşmaya üstünlük verir.