İsrail və Livan nümayəndə heyətləri Romada keçirilən danışıqlarda atəşkəs rejiminin bərpasını, sərhəd məsələlərini və mümkün pilot zonaların yaradılmasını müzakirə ediblər.
Livanın “Nida Al Watan” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Beyrut nümayəndə heyəti danışıqlarda ilk növbədə atəşkəs rejiminin bərpasını və İsrailin yol verdiyi iddia edilən pozuntuların dayandırılmasını tələb edib. Bildirilir ki, bu məsələ prioritet kimi gündəliyə çıxarılıb və siyasi səviyyədə müzakirə olunmalıdır. ABŞ nümayəndələri də atəşkəsin bərpasını danışıqlarda irəliləyiş üçün əsas şərt kimi qiymətləndirərək Livanın bu mövqeyini dəstəkləyiblər.
İsrailin sərhədlə bağlı mövqeyində dəyişiklik
Məlumata görə, görüş zamanı İsrail nümayəndə heyəti ilk dəfə olaraq quru sərhədi ilə bağlı əvvəlki mövqeyini dəyişərək beynəlxalq sərhəd xəttinin yenidən nəzərdən keçirilməsi imkanını müzakirə etməyə hazır olduğunu bildirib. Bu məsələnin əhəmiyyəti nəzərə alınaraq Livan nümayəndə heyətinin tərkibinə beynəlxalq hüquq üzrə mütəxəssis də daxil edilib.
Danışıqlarda həmçinin yeni pilot zonaların yaradılması məsələsi də diqqət mərkəzində olub. Livan tərəfi geniş əraziləri əhatə edən pilot zonaların yaradılmasını təklif edir. Lakin Beyrut hesab edir ki, bu addım yalnız onların həyata keçirilməsi mexanizmi və texniki detallar əvvəlcədən razılaşdırıldıqdan sonra atılmalıdır. Livan razılaşmaların icrası zamanı hər hansı fikir ayrılıqlarının qarşısını almaq üçün zonaların fəaliyyətini tənzimləyən aydın qaydaların müəyyənləşdirilməsində israr edir.