İsveçrə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir və danışıqlarda yardım göstərməyə hazırdır. Bu barədə İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İnyatsio Kassis Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə brifinqdə bəyan edib.
Kassisin sözlərinə görə, sülh sazişinin paraf olunmasından təxminən bir il sonra regionda uzunmüddətli sülhün əldə olunması üçün real imkan yaranıb.
İsveçrə Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olunmasını ardıcıl olaraq dəstəkləyir. Biz İsveçrənin bu prosesin irəliləməsinə kiçik də olsa töhfə verə bilməsi ilə fəxr edirik. Mən həmkarımı sazişin imzalanması və reallaşdırılması üçün zəruri olan səyləri davam etdirməyə çağırıram.
İsveçrə tərəfi faydalı olacağı və münaqişə iştirakçılarının özləri xahiş edəcəyi təqdirdə danışıqlar prosesinə kömək etməyə hazır olduğunu təsdiqləyib.
İsveçrə xarici işlər naziri həmçinin Ceyhun Bayramovun sülh prosesi ətrafındakı vəziyyətlə bağlı qiymətləndirmələrini eşitməkdən məmnun olduğunu qeyd edərək vurğulayıb ki, münasibətlərin normallaşması iki ölkə xalqlarının barışması və Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi yolunda mühüm addım olacaq.
Mənbə: report.az