Azərbaycanın “Qarabağ” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Ağdam təmsilçisi Macarıstanın “Zalaegerszegi TE” (ZTE) klubunda çıxış edən mərkəz müdafiəçisi Bençe Varkonyini transfer etdiyini rəsmən açıqlayıb.
Yerli və xarici KİV-in yaydığı məlumata görə, 24 yaşlı futbolçunun transfer dəyəri təxminən 1 milyon avro təşkil edib. Bildirilir ki, tərəflər arasında 3 illik müqavilə bağlanıb.
Bençe Varkonyi son mövsümdə ZTE-nin əsas heyət üzvlərindən biri olub. 1,87 metr boya malik mərkəz müdafiəçisi etibarlı müdafiə oyunu, hava toplarında üstünlüyü və fiziki göstəriciləri ilə seçilir. O, Macarıstanın müxtəlif yaş qrupları üzrə milli komandalarında da çıxış edib.
Varkonyinin yaxın günlərdə “Qarabağ”ın təlim-məşq toplanışına qoşulacağı və komandanın UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlığında iştirak edəcəyi gözlənilir.