Monakoda baş vermiş səs-küylü bomba hücumu ilə bağlı istintaq davam edir. Hadisənin əsas şübhəlisi hesab edilən Ukrayna vətəndaşı barədə İnterpol tərəfindən “Qırmızı bülleten” (Red Notice) elan olunub.
“Reuters” agentliyinin Monako prokurorluğuna istinadən yaydığı məlumata görə, istintaqın əsas versiyasına əsasən, şübhəli şəxs kişi qiyafəsinə girərək kimliyini gizlədib. O, hücumu uzaqdan idarə olunan partlayıcı qurğu vasitəsilə həyata keçirib.
İstintaq materiallarına görə, qadın sonuncu dəfə Almaniyada görülüb və onun son yaşayış yeri də bu ölkə olub. O, Almaniya qeydiyyat nişanlı avtomobillə bir neçə ölkədən keçərək hərəkət edib. Hüquq-mühafizə orqanları partlayıcı qurğunun hazırlanmasının tək bir nəfərin işi olmaya biləcəyini də istisna etmirlər.
Hücum nəticəsində üç nəfər yaralanıb. İstintaq hadisənin Monakoda yaşayan imkanlı ukraynalı əsilli oliqarxa qarşı planlaşdırılmış sui-qəsd cəhdi ola biləcəyi ehtimalını araşdırır.
Müstəntiqlərin qənaətinə görə, şübhəli hadisədən sonra Fransaya qaçıb. Lakin Fransa ilə Monako arasında daimi sərhəd nəzarətinin olmaması onun ölkədən çıxmasını asanlaşdırıb. Fransa KİV-lərinin məlumatına görə, əsas şübhəli hesab edilən qadın hazırda nə Monako, nə də ona bitişik Fransa ərazisində müəyyən edilə bilib.