Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Federasiyası XİN-in mətbuat katibi Mariya Zaxarovanın Qarabağ bölgəsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
XİN-in mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən qeyd edib ki, Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı növbəti dəfə səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır.
O xatırladıb ki, Qarabağ bölgəsi hər zaman beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Hacızadənin sözlərinə görə, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycan ərazilərinə tətbiqi məsələsini davamlı gündəmdə saxlamaq cəhdi və bunun Qarabağın Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi tamamilə əsassızdır. Bu, eyni zamanda Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə ziddir.
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub. Yekunda bildirilib ki, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır.