Yəhudi iş adamı və televiziyaçı Yakir Levi ABŞ-ın Mayami şəhərində faciəvi şəkildə həyatını itirib.
Məlumata görə, hadisə iyulun 20-də axşam saatlarında baş verib. 45 yaşlı Levi Mayamidə yerləşən lüks “Acqualina Resort and Residences On The Beach” yaşayış kompleksinin 28-ci mərtəbəsindən yıxılıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hüquq-mühafizə orqanları Yakir Levinin ölümünün səbəblərini araşdırır. Faktla bağlı istintaq davam edir və hadisənin başvermə şəraiti hələlik rəsmi şəkildə açıqlanmayıb.
Yakir Levi İsrailin Ramle şəhərində anadan olub, daha sonra ABŞ-a köçərək Kaliforniyada uğurlu biznes fəaliyyətinə başlayıb. O, yanğın, su basması və digər fövqəladə hallardan sonra binaların bərpası ilə məşğul olan “770 Water Damage Restoration” şirkətinin rəhbəri idi.
Yakir Levi 2025-ci ildə İsraildə yayımlanan “The Americans” televiziya layihəsində iştirak etdikdən sonra daha geniş tanınıb. Veriliş ABŞ-da yaşayan və müxtəlif sahələrdə uğur qazanmış israillilərin həyatından bəhs edirdi.
Yaxınlarının bildirdiyinə görə, onun cənazəsi İsrailə aparılacaq və dəfn mərasimi burada keçiriləcək. Dəfnin tarixi və digər detalları hələ açıqlanmayıb.