Rusiyanın paytaxtı Moskvada yüksək rütbəli təhlükəsizlik orqanı əməkdaşına qarşı planlaşdırıldığı bildirilən terror aktının qarşısı alınıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) 30 yaşlı Rusiya vətəndaşı olan qadının saxlanıldığını açıqlayıb. Qurumun yaydığı məlumata görə, qadın “Telegram” və “WhatsApp” vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə saxlayaraq Rusiyaya qarşı yönəlmiş tapşırıqları yerinə yetirməyə razılıq verib. İddialara əsasən, bunun müqabilində ona Avropa İttifaqı ölkələrindən birində daimi yaşamaq imkanı vəd edilib.
FSB bildirir ki, qadın əvvəlcə Türkiyə və Moldova üzərindən Ukraynaya gedib. Məlumata görə, burada ona diversiya və terror əməliyyatlarının həyata keçirilməsi üzrə hazırlıq keçilib.
Qadın daha sonra Rusiyaya qayıdaraq Samarada əvvəlcədən gizlədilmiş partlayıcı qurğunu götürüb və Moskvaya gəlib. FSB-nin iddiasına görə, o, partlayıcı qurğunu təhlükəsizlik əməkdaşının avtomobilinin altına yerləşdirməyə cəhd göstərərkən saxlanılıb.
Faktla bağlı terror aktına cəhd və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq orqanları, həmçinin dövlətə xəyanət maddəsi ilə də cinayət işinin açılması məsələsini araşdırır.
FSB bəyan edib ki, Rusiyaya qarşı fəaliyyət göstərən xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən bütün şəxslər müəyyən ediləcək və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunacaqlar.