Azərbaycanın Xalq artisti, tanınmış aktyor, rejissor və ssenarist Tofiq Mirzəyev 94 yaşında vəfat edib.
Məlumata görə, sənətkar uzun illərdir yaşadığı İsraildə dünyasını dəyişib. Onun vəfatı barədə məlumat ilk olaraq sosial şəbəkələrdə sənət cameəsinin nümayəndələri tərəfindən paylaşılıb. Ölüm səbəbi ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
Tofiq Mirzəyev 1932-ci il iyunun 16-da Gədəbəydə anadan olub. Yaradıcılıq fəaliyyətinə musiqiçi kimi başlayan sənətkar sonradan televiziya rejissoru və kino aktyoru kimi tanınıb. O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Təhminə”, “O qızı tapın”, “İstintaq”, “Üzeyir ömrü” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. Onun iştirakı ilə ərsəyə gələn ekran əsərləri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil edilib.
Qeyd edək ki, Tofiq Mirzəyev 2022-ci ildə Azərbaycan kinosunun inkişafındakı xidmətlərinə görə “Xalq artisti” fəxri adına layiq görülüb, eyni zamanda “Şöhrət” ordeni ilə təltif edilib.