Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərinə İsrail ordusunun endirdiyi zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının yerli briqada komandiri, Əbu əl-Heysəm təxəllüsü ilə tanınan Məhəmməd əl-Yazuri zərərsizləşdirilib.
Jnews.az xəbər verir ki, İsrail hərbçilərinin qiymətləndirməsinə görə, əl-Yazuri anklav ərazisində fəaliyyətini davam etdirən HƏMAS-ın ən yüksək rütbəli komandirlərindən biri olub.
Hazırda İsrail Müdafiə Ordusu (SAXAL) əməliyyatın təfərrüatları və şəraiti barədə rəsmi açıqlama verməyib.
Məhəmməd Əbd əs-Salam əl-Yazurinin ölümünü Qəzza zolağından daxil olan məlumatlar, o cümlədən həlak olanların meyitlərinin çatdırıldığı Xan-Yunisdəki “Nasir” xəstəxanasının tibb işçiləri təsdiq ediblər.
Yerli məlumatlara əsasən, zərbə Xan-Yunis şəhərinin qərb hissəsində yerləşən əl-Məvasi rayonunda İsrail PUA-sı tərəfindən endirilib.
Zərbə nəticəsində briqada komandiri ilə yanaşı, Hüzeifə Məmmər adlı daha bir şəxs də həlak olub.
Mənbə: newsru.co.il
