Tanınmış israilli jurnalist Tanya Barskaya Jnews.az-a müsahibəsində Azərbaycanla bağlı fikirlərini bölüşüb, Bakıda yaşadığı illərdən danışıb.
Hazırda rusdilli ictimai yayım olan REKA radiosunda musiqi redaktoru və proqram aparıcısı kimi fəaliyyət göstərən Tanya Barskaya atasının – “Azərinform”da redaktor işləmiş Natan Barskinin yolunu davam etdirir.
Tanya Barskayanın valideynləri onun Bakı Dövlət Universitetində (BDU) tarixçi-mədəniyyətşünas ixtisası üzrə təhsilini qırmızı diplomla başa vurana qədər İsrailə köçməyi bilərəkdən təxirə salmışdılar.
Həmin illər – 1988-ci ildən 1993-cü ilə qədər çox narahat keçirdi. Vəziyyət o həddə çatmışdı ki, bir dəfə valideynləri Tanya ilə qardaşını təhlükədən uzaq olmaq üçün Moskvaətrafı ərazidə yaşamağa göndərmişdilər. Tanya kurs işini də orada hazırlamışdı.
Sabitsizlik, uşaqları və özləri üçün qorxu, maliyyə və digər problemlər həmin dövrdə bir çox insanı ölkəni tərk etməyə vadar edirdi. Etnik azərbaycanlılar da ölkədən gedirdilər.
Tanyanın atası Natan Barski də vaxtilə tarix fakültəsini, anası isə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. Onlar “Azərbaycan gəncləri” qəzetində işləyərkən tanış olmuşdular.
Anası Valentina Kutsenko-Barskaya daha sonra Yosif Şaqal adlı gənc jurnalistin ilk redaktoru olmuşdu. Şaqal gələcəkdə Knesset deputatı olacaq və Azərbaycanla İsrailin yaxınlaşmasına nail olmaq üçün böyük səylər göstərəcəkdi. Natan Barskinin “AzTAc”dakı redaktor müavinlərindən biri isə İsraildə tanınan digər teleaparıcı David Kon idi.
– Atanızın işlədiyi “AzTAc” sizin uşaqlıq xatirələrinizdə necə qalıb?
– Atamın “AzTAc”dakı iş yerinə təxminən üç yaşımdan getməyə başlamışdım. Mənim üçün bu, həmişə bayram idi. Orada müxtəlif displeylər, ilk kompüterlər vardı və ən əsası, heyrətamiz bir ab-hava hökm sürürdü: çoxlu sayda mehriban, maraqlı, istedadlı insanlardan ibarət böyük bir orqanizm.
Onlar “kapustniklər” təşkil edir, şəhərdən kənara gedir, bir-birlərinə zarafatla sataşırdılar – orada bir növ “başqa həyat” hökm sürürdü və təəssüf ki, bunu müqayisə edə biləcəyim başqa heç nə yoxdur.
Ailəmiz 1994-cü ildə İsrailə köçdü. Bundan əvvəl respublika miqyasında tanınan şəxs olan atam həmin vaxt Şaqal və Kon tərəfindən yaradılmış “Naşa Strana” qəzetində işə qəbul edilmişdi. 1995-ci ildə isə onun həyatına xərçəng son qoydu.
– Atanızın xəstəliyi və vəfatı ailəniz üçün necə oldu?
– Atamın başına gələnləri yalnız sonradan başa düşdük. Bu dünyadan köçdükdən cəmi yarım il sonra onun heç bir səbəb olmadan ağciyər xərçənginə tutulduğu məlum oldu. Halbuki o, siqaret çəkmirdi, idmanla məşğul olurdu və bizim nəsildə də heç kimdə belə bir meyillilik olmayıb… Sonra həkimlər izah etdilər ki, buna səbəb güclü stress olub.
Atam bütün bunları öz daxilində daşıyırdı. Mən atamın Azərbaycanda baş verən hər şeyi necə ürəyinə saldığını görürdüm. O, ailəsi üçün narahat olurdu, baxmayaraq ki, yəhudilərə əvvəlki kimi çox yaxşı münasibət bəslənilirdi.
O, uşaqlıqdan Azərbaycan dilini mükəmməl bilirdi, çünki İçərişəhərdə böyümüşdü. Sevdiyi işi, sevdiyi məkanı vardı və birdən-birə hər şeyin başqa olduğu, tamamilə başqa olduğu, getdiyin, inkişaf etdiyin yola heç uyğun gəlməyən bir yerə uçuş baş verdi.
Atam ailəmizin İsrailə köçməsindən bir il sonra vəfat etdi. Halbuki həmin vaxt onun heç 57 yaşı belə tamam olmamışdı.
Yeni həyat və jurnalistikaya gedən yol
Atası kimi, yaradıcılıq yoluna tarixçi-tədqiqatçı kimi başlayan və Xaçmazda təcrübə keçən Tanya Barskinin də jurnalistikaya gedən yolu birbaşa və aydın olmayıb.
O, elə həmin “Naşa Strana” qəzetində yazmağa başlayıb, lakin bir çoxları kimi, İsraildə özünə yer etmək üçün müxtəlif işlərdən keçməli olub.
Bu yolda Barski ailəsinin qadınları girişləri təmizləyib, yaşlı qadınlara qulluq edib, gənclər layihələri çərçivəsində absorbsiya mərkəzlərində əlavə işlərdə çalışıblar.
Xoşbəxtlikdən, bunun üçün təcrübəsi vardı, çünki Tanya hələ Azərbaycanda yəhudi yay düşərgələrinin təşkilində iştirak edirdi. Bu düşərgələr “Gənclik” pioner düşərgəsində təşkil olunurdu, “Soxnut” da onu İsrailə düşərgə rəhbərləri üçün kurslara göndərmişdi.
Tanya nə qədər uzağa getsə də, ailə bağları onu jurnalistika ənənələrinə bağlayırdı. Buna görə də radioya gəlişi, demək olar ki, əvvəlcədən müəyyən edilmişdi.
O vaxtdan bəri həmkarlarının efirdə yorulmadan “bizim cazibədar Taneçkamız” adlandırdığı Tanya Barskaya REKA radiosunda proqramlar aparır. Onlardan əsasının adı “Barski zamashki”dir.
Azərbaycan musiqisi və sənət adamları
– Verilişlərinizdə Azərbaycan mədəniyyətinə də geniş yer ayırırsınız. Bu istiqamətdə hansı işləri görürsünüz?
– Efirdə daim görkəmli azərbaycanlı ifaçıların həyatı haqqında hekayələr, onların mahnılarını və musiqi əsərlərini səsləndiririk. Azərbaycandan gələn və hazırda İsraildə yaşayan incəsənət xadimləri də bizim verilişimizin qonağı olurlar.
Mənim qonşuluğumda isə bütün bakılıların tanıdığı Dina Tumarkina yaşayır – Bakı Gənc Tamaşaçılar Teatrında və Dram Teatrında 150-dən çox rol ifa etmiş məşhur aktrisa. Mən ona tez-tez baş çəkirəm. Bu yaxınlarda 94 illik yubileyi münasibətilə isə sevdiyi güllərdən – qladioluslardan ibarət böyük buket hazırlatmışdım.
“Mən artıq 31 ildir radiodayam”
– Bu gün radio fəaliyyətiniz necə davam edir, proqramlarınızda hansı mövzulara üstünlük verirsiniz?
– Mən artıq 31 ildir radiodayam. Proqramlar müxtəlifdir və 2023-cü il oktyabrın 7-dən sonra bizim efirdə də çox şey dəyişsə də, mən mahiyyət etibarilə mədəniyyətşünasam. Təhsilim üzrə tarixçiyəm, ədəbiyyatı, teatrı, poeziyanı həmişə çox sevmişəm. Belə də davam edirəm, sadəcə indi əlavə proqramlarla da məşğul oluram.
Elə bu yaxınlarda, avqustun 17-də Müslimin doğum günü münasibətilə onun haqqında növbəti proqramı hazırladım. Bundan əvvəl isə görkəmli caz musiqiçisi Vaqif Mustafazadəyə həsr olunmuş böyük proqram hazırlamışdım. Və məlum oldu ki, burada bir çox insanın onun haqqında gözlərini açmışam! Bu isə çox gözəldir.
20 Yanvar: Bakıda yaşanan dəhşətli gecə
– Bilirəm ki, sizin 20 Yanvar hadisələri ilə bağlı acı xatirələriniz var. Həmin günü necə xatırlayırsınız?
– 20 Yanvar günü Bakıya daxil olan qoşunları xatırlayıram. Bu, təkcə mənim üçün deyil, həyatda çox şey görmüş valideynlərim üçün də qorxulu idi. Bir gün əvvəl axşam etnoqrafiyaya hazırlaşmaq üçün masaya əyləşmişdim və birdən anamla atam mənzildə hər yerdə işıqları söndürdülər. Mənə də işığı yandırmağı qadağan etdilər, özləri isə pəncərələri Çapayev küçəsinə açılan mətbəxdə dayanmışdılar. Orada tramvay yolları var idi.
Mən də pəncərəyə yaxınlaşıram. Onlar mənə “sakit!” deyirlər. Aşağı baxıram və özümü pis hiss edirəm: relslərin üzərində tanklar dayanıb, tanklardan birinin lüləsi bizim doqquzmərtəbəli binaya, digərinin lüləsi isə qarşıdakı binaya tuşlanıb və hamısında vəziyyət belə idi. Həm də bizim binanın qarşısındakı evlərin damlarında snayperlər vardı. Onlar dördmərtəbəli binalar idi, bizim binadan daha alçaq.
Bu, atəş səsləri, rikosetlər, insanların ölümü, meydandakı tonqallarla yadda qalan həmin gecə idi. Səhər universitetdən çıxarkən küçələrdə gah burada, gah orada qan izlərini, onların yanında isə sadəcə asfaltın üzərinə qoyulmuş qərənfilləri görürdüm. Bu qədər il keçməsinə baxmayaraq, bunu unuda bilmirəm.
– Azərbaycan xalqına, doğma bakılılara nə demək istərdiniz?
– Çox sevinirəm ki, bu gün Azərbaycan dünyanın ən yaxşı ölkələrindəndir. Məni sevindirən başqa məsələ isə burada yəhudilərin azad və heç bir basqı olmadan yaşamalarıdır. Bakıya, doğma bakılılarıma isə qucaq dolusu salam göndərirəm.
Söhbətləşdi: Emil Şleymoviç







