Yazının birinci hissəsini bu linkdən oxu: https://jnews.az/yeruselim-problemi-tarix-din-ve-kimlik/
Yazının ikinci hissəsini bu linkdən oxu: https://jnews.az/yeruselim-problemi-tarix-din-ve-kimlik-ii-yazi/
Yazının üçüncü hissəsini bu linkdən oxu: https://jnews.az/yeruselim-problemi-tarix-din-ve-kimlik-ii-yazi-2/
Müsəlman tarixçisi İbn əl-Qalanisi həmin hadisələri belə təsvir edir:
“Köməksiz yəhudilər bir sinaqoqa sığındılar. Səlibçilər sinaqoqu yandırdılar və içəridə olan insanlar sinaqoqla birlikdə həlak oldular.”
Bu hadisələr Yerusəlim tarixinin ən faciəli səhifələrindən biri hesab edilir. Mənbələrdə qeyd olunur ki, şəhərdə həlak olan yəhudi və müsəlmanların sayı o qədər çox idi ki, küçələrdə hərəkət etmək belə çətinləşmişdi.

Yerusəlim 1187-ci ilə qədər Xaçlıların hakimiyyəti altında qaldı. Həmin ildə Səlahəddin Əyyubi şəhəri Xaçlılardan geri aldı və şəhər yenidən müsəlman hakimiyyətinə keçdi. Səlahəddinin vəfatından sonra Xaçlılar qısa müddət ərzində Yerusəlim üzərində nəzarəti bərpa edə bilsələr də, 1244-cü ildə Xarəzmilər şəhəri yenidən ələ keçirdilər.
1260-cı ildə Yerusəlim Məmlük dövlətinin hakimiyyəti altına düşdü. Daha sonra, 1517-ci ildə Osmanlı imperiyası Məmlükləri məğlub edərək şəhəri öz ərazisinə qatdı. Beləliklə, Yerusəlim təxminən dörd əsr Osmanlı hakimiyyəti altında qaldı.

Osmanlı dövründə Yerusəlim və ətraf bölgə nisbətən sabitlik və əmin-amanlıq içində yaşadı. Osmanlı hakimiyyəti yəhudilərin şəhərdə məskunlaşmasına və mülk sahibi olmasına icazə verdi. Bu dövrlə bağlı maraqlı bir rəvayət də mövcuddur.

Rəvayətə görə, Yavuz Sultan Səlim Yerusəlimi fəth etdikdən sonra şəhərdə gəzərkən başında böyük səbət daşıyan yaşlı bir xristian qadınla qarşılaşır. Sultan səbətdə nə olduğunu soruşduqda, qadın onun heyvan peyini və zibil olduğunu bildirir. Qadın həmçinin Bethlehemdən gəldiyini, iki günlük yol qət etdikdən sonra bu tullantıları yəhudilərin müqəddəs məbədinin yerləşdiyi yerə tökəcəyini, bunun xristian din adamları tərəfindən əmr edildiyini deyir. O, əsrlərdir hər 30 gündən bir bu yerə heyvan peyini və zibil töküldüyünü, məqsədin isə yəhudi məbədinin izlərini tamamilə yox etmək və tarixdən silmək olduğunu bildirir.
Sultan araşdırma aparır və qadının dediklərinin doğru olduğunu anlayır. Bundan sonra əmr verir və qızıl-gümüş sikkələrlə dolu kisələr hazırlanaraq zibil yığınının müxtəlif yerlərinə basdırılır. “Qızıl tapan alsın”, – deyərək kasıb xalqa kürək və qablar paylanır və bununla da zibil yığınının təmizlənməsi təmin edilir.
Hətta sultan özü də əlinə kürək alaraq daşlaşmış zibilləri təmizləyir və belə bir fərman oxutdurur:
“Kim padşahı sevir və onu razı salmaq istəyirsə, etdiklərimə baxsın və mənim kimi etsin.”
Nəticədə, on mindən artıq insan otuz gün ərzində dayanmadan çalışaraq o böyük zibil təpəsini tamamilə təmizlədi və “Kotel Ha-Maarav” (Bet-Amikdaşın Qərb Divarı) bugünkü vəziyyəti ilə üzə çıxdı. Bunu görən Yavuz Sultan Səlim çox sevindi və məbədin köhnə yerinin yaxşıca təmizlənməsini, divarın isə gül suyu ilə yuyulmasını əmr etdi.
Bu hekayə tarixi mənbələrdə müxtəlif formalarda nəql olunur və Osmanlı hakimiyyətinin Yerusəlimdəki müqəddəs məkanlara göstərdiyi qayğının simvolu kimi təqdim edilir.
Osmanlı hakimiyyəti dövründə Yerusəlim müxtəlif dinlərin nümayəndələrinin yaşadığı mühüm dini və mədəni mərkəz olaraq fəaliyyət göstərməyə davam etdi.
1831-ci ildə Misir valisi Mehmet Əli Paşanın oğlu İbrahim Paşa bölgəni ələ keçirdi və Yerusəlim bir müddət Misir hakimiyyəti altında qaldı. Lakin 1840-cı ildə Avropa dövlətlərinin dəstəyi ilə Osmanlı imperiyası bölgə üzərində nəzarətini yenidən bərpa etdi.
Beləliklə, Yerusəlim XIX əsrin sonlarına qədər Osmanlı hakimiyyəti altında qalmağa davam etdi və şəhərin müasir tarixinin formalaşmasında mühüm rol oynadı.
1844-cü ildə şəhər əhalisi siyahıya alındı: 7120 yəhudi, 5760 müsəlman və 3390 xristian. XIX əsrdən etibarən Yerusəlim əhalisinin böyük əksəriyyətini yəhudilər təşkil edirdi. Şəhər durmadan genişlənir, inkişaf edir və gözəlləşirdi.

I Dünya müharibəsində məğlub olan Osmanlı imperiyası şəhəri və bölgəni ingilislərə təhvil verdi. 1917-ci ildə ingilislər Yerusəlimi və ətraf əraziləri ələ keçirdikdən sonra Fələstin mandatını yaratdılar və Yerusəlim həmin mandatın paytaxtı oldu. (Fələstin adı, yuxarıda qeyd etdiyimiz kimi, romalılar tərəfindən verilmiş və sonradan ingilislər tərəfindən yenidən istifadə olunmuşdur. Əslində, Fələstin adlı ayrıca bir millət mövcud deyildi; bölgədə əsasən yəhudilər və ərəblər yaşayırdı.)

Çətin və keşməkeşli tarixə baxmayaraq, Yerusəlim inkişafını davam etdirirdi. 1918-ci ildə burada Yəhudi Universiteti təsis edildi. İlk mühazirə 1923-cü ildə Albert Eynşteyn tərəfindən oxundu.
Bu dövrdə sürgündə yaşayan yəhudilər tədricən Yerusəlimə və qədim İsrail torpaqlarına qayıdırdılar. Yəhudi əhalisinin artması bölgədə yaşayan ərəb əhalisinin narazılığına səbəb olurdu. Nəticədə, yəhudilər və ərəblər arasında qarşıdurma getdikcə dərinləşirdi. İngilis hakimiyyəti isə hadisələrin qarşısını almaqda çətinlik çəkirdi.
Ərəb silahlı dəstələrinin yəhudi yaşayış məntəqələrinə hücumları artdıqca, yəhudilər özlərini müdafiə etmək məqsədilə Haganah (Müdafiə) təşkilatını yaratdılar. Bu təşkilat sonradan İsrail Müdafiə Qüvvələrinin əsasını təşkil etdi.
1939–1945-ci illərdə Adolf Hitlerin rəhbərliyi altında yəhudilərə qarşı tarixdə görünməmiş bir soyqırımı həyata keçirildi. Altı milyon günahsız insan yalnız yəhudi olduqlarına görə vəhşicəsinə qətlə yetirildi. Soyqırımından sağ çıxan minlərlə yəhudi Yerusəlimə və qədim İsrail torpaqlarına köçmək istəyirdi. Lakin ingilis hakimiyyəti bu köçü ciddi şəkildə məhdudlaşdırırdı.

Hətta Hitlerin təqiblərindən qaçaraq Fələstin torpaqlarına gəlmək istəyən “Exodus” gəmisindəki yəhudi qaçqınlar geri qaytarılmışdı. Bu hadisə dünya ictimaiyyətində ciddi narazılıq yaratmış və böyük humanitar faciə kimi qiymətləndirilmişdi.

Yəhudi-ərəb qarşıdurması getdikcə şiddətlənirdi və ingilislər vəziyyətə nəzarəti itirməyə başlayırdılar. Nəticədə, Böyük Britaniya məsələni Birləşmiş Millətlər Təşkilatına həvalə etdi. BMT 1947-ci ildə bölgədə iki dövlətin – bir yəhudi və bir ərəb dövlətinin yaradılması haqqında qərar qəbul etdi.
14 may 1948-ci ildə İsrail dövlətinin yaradıldığı elan olundu və hökuməti formalaşdırmaq vəzifəsi David Ben-Quriona tapşırıldı. Lakin ərəb dövlətləri bu qərarı qəbul etmədilər.

Müharibə başlamazdan əvvəl bölgədə yaşayan ərəb əhalisinin bir hissəsi köç etməyə başladı. İlk köçənlər əsasən imkanlı ailələr idi. Müharibənin başlanması ilə yüz minlərlə ərəb bölgəni tərk etdi.
Eyni zamanda, ərəb ölkələrində yaşayan yəhudilər də təzyiqlərlə üzləşir, onların əmlakları müsadirə olunur və bir çox hallarda ölkələrini tərk etməyə məcbur edilirdilər. Təxminən 820 min yəhudi ərəb ölkələrindən ayrıldı və onların 526 minə yaxını İsrailə köçdü.
(IV Yazı), davamı var…
Murad Salmanov