20 Elul 5786 2 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Hörmüz boğazında neft tankeri və hərbi gəmilərin təsviri.

ABŞ-İran müharibəsi yenidən alovlanıb: Ötən gecə nə baş verib?

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ və İran arasında bir neçə həftəlik nisbi sakitlikdən sonra hərbi qarşıdurma yenidən genişmiqyaslı mərhələyə keçib. 

Jnews.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 1-də İran ərazisində İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid obyektlərə yeni zərbələr endirildiyini açıqlayıb.

ABŞ ordusunun məlumatına görə, hücumlar hava hücumundan müdafiə sistemləri, radar qurğuları, rabitə infrastrukturu, dəniz vasitələri və minalama imkanlarına qarşı həyata keçirilib.

ABŞ tərəfi zərbələrin İranın Hörmüz boğazında amerika hərbçiləri və kommersiya gəmiləri üçün yaratdığı təhlükəyə cavab olaraq həyata keçirildiyini bildirib. ABŞ qüvvələri İranın dövlətə məxsus  iki neft tankerini də hədəfə alıb.

İran ABŞ obyektlərinə cavab zərbələri endirib

ABŞ-ın hücumlarından sonra İran raket və pilotsuz uçuş aparatları ilə Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirib.

İranın hücumlarının əsas hədəfləri İordaniya və İraqdakı ABŞ qüvvələri olub. Bəhreyn və digər region ölkələri də İranın hücumları ilə bağlı məlumat yayıb. İordaniya İran tərəfindən atılan raketlərin əksəriyyətinin qarşısının alındığını bildirib.

İran isə ABŞ-ın zərbələri nəticəsində öz qüvvələri və mülki əhali arasında itkilərin olduğunu açıqlayıb. Tehran ABŞ-ın hücumlarını pisləyərək cavab tədbirlərinin davam etdiriləcəyini bildirib. Bununla yanaşı, İran daha əvvəl əldə olunmuş razılaşmaların şərtlərinə əməl olunmasını tələb edib.

İranda mülki itkilər barədə məlumat yayılıb

ABŞ-ın İranın cənubundakı Hörmüz boğazı yaxınlığında yerləşən Sirik bölgəsinə endirdiyi zərbə nəticəsində mülki şəxslərin həlak olduğu barədə məlumatlar yayılıb.

Zərbə zamanı toy mərasiminin keçirildiyi əraziyə yaxın evlərdən biri vurulub. Hadisə nəticəsində beş nəfərin öldüyü və onlarla şəxsin yaralandığı bildirilib. Məlumatların bir hissəsi İran mənbələrinə əsaslanır və bütün detalları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Tramp: Daha güclü zərbələr mümkündür

ABŞ Prezidenti Donald Tramp İranın cavab hücumlarından sonra Vaşinqtonun daha sərt tədbirlərə əl ata biləcəyini bildirib. 

İran tərəfi isə ABŞ-ın bölgədəki hərbi əməliyyatları dayandırmasını tələb edib və Vaşinqtonun hücumlarını davam etdirməsinin qarşıdurmanı daha da genişləndirə biləcəyi barədə xəbərdarlıq edib.

Hörmüz boğazında gəmiçilik ciddi risk altındadır

Qarşıdurmanın ən mühüm nəticələrindən biri dünyanın əsas enerji marşrutlarından olan Hörmüz boğazında gəmiçilik təhlükəsinin artmasıdır.

Sentyabrın 1-də boğazdan keçərək Oman istiqamətində hərəkət edən Səudiyyə Ərəbistanına məxsus iki supertanker naməlum PUA-ların hücumuna məruz qalıb. 

Bundan sonra Hörmüz boğazından keçən kommersiya gəmilərinin sayı kəskin azalıb. Kpler məlumatlarına əsasən, sentyabrın 1-də boğazdan cəmi 4 yük gəmisi keçib. Bu göstərici əvvəlki gün qeydə alınan 10 gəmidən və son on günün orta göstəricisi olan təxminən 13 gəmidən xeyli azdır.

Hörmüz boğazı qlobal enerji bazarı üçün kritik əhəmiyyət daşıyır. Qarşıdurmanın dəniz nəqliyyatına daha ciddi təsir göstərməsi neft tədarükündə fasilələrə və dünya bazarında qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.

Neftin qiyməti yüksəlib, qlobal bazarlar təzyiq altındadır

ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsi dünya enerji və maliyyə bazarlarında da özünü göstərib.

Sentyabrın 2-də Brent markalı neftin qiyməti 95 dolları keçib. Əvvəlki sessiyada isə neft qiymətləri təxminən 5 faiz artmışdı. İnvestorlar əsasən Hörmüz boğazından neft daşınmasının pozulması ehtimalından narahatdırlar.

Asiya fond bazarlarında da ciddi geriləmə qeydə alınıb. MSCI Asiya-Sakit okean indeksi təxminən 2 faiz, Cənubi Koreyanın KOSPI indeksi isə təxminən 4 faiz ucuzlaşıb. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi də 4,81 faizə yüksələrək son illərin ən yüksək göstəricilərindən birinə çatıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
ABŞ-İran müharibəsi yenidən alovlanıb: Ötən gecə nə baş verib?jnews.az səsləndirməsi