Yenilənib: Avqust 27, 2026 1:31 axşam
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci il üzrə maliyyə göstəriciləri açıqlanıb.
Jnews.az xəbər verir ki, 2025-ci ilin yekunlarına əsasən, şirkətin gəlirləri 1,9 faiz artaraq 86,3 milyard manata (50,7 milyard ABŞ dolları) çatıb.
Dünya enerji bazarlarındakı dəyişkənlik və geosiyasi gərginliyə baxmayaraq, SOCAR mənfəət göstəricilərini əhəmiyyətli dərəcədə artırıb. Şirkətin ümumi mənfəəti 70,5 faiz artaraq 12,61 milyard manat, əməliyyat mənfəəti isə 80,1 faiz artaraq 5,2 milyard manat təşkil edib.
SOCAR-ın EBITDA göstəricisi də 26 faiz artaraq 10,9 milyard manata çatıb. Şirkətin il üzrə xalis mənfəəti isə təxminən 3 milyard manat olub.
Şirkətdən bildirilib ki, gəlirlərlə müqayisədə mənfəətin daha sürətli artması xərclərin optimallaşdırılması, əməliyyat səmərəliliyinin yüksəldilməsi, biznes bölmələri arasında inteqrasiyanın gücləndirilməsi və maliyyə resurslarının səmərəli idarə olunması ilə bağlıdır.
SOCAR-ın ümumi aktivləri 2,3 faiz artaraq 96,85 milyard manata, səhmdar kapitalı isə 2,6 faiz artaraq 49,9 milyard manata yüksəlib. Qeyd olunub ki, 2021–2025-ci illərdə şirkətin səhmdar kapitalı 2,2 dəfə artıb.
Eyni zamanda, SOCAR uzunmüddətli öhdəliklərini 22,5 faiz azaldaraq 24,2 milyard manatdan 18,7 milyard manata endirib. Bu da şirkətin uzunmüddətli maliyyə yükünün əhəmiyyətli dərəcədə azalmasına imkan verib.
Şirkət uzunmüddətli inkişaf strategiyası çərçivəsində aktiv portfelini də genişləndirib. SOCAR Azərbaycanda “Bahar” və “Qum-Dəniz” yataqlarında 80 faizlik pay əldə edib. Beynəlxalq səviyyədə isə Aralıq dənizində yerləşən “Tamar” qaz yatağında 10 faizlik effektiv pay alıb.
Bundan başqa, şirkət rəqəmsal infrastruktura, neft-kimya sektoruna və qaz ixracının genişləndirilməsi ilə bağlı layihələrə investisiyaları davam etdirib.
SOCAR hesab edir ki, açıqlanan maliyyə göstəriciləri əməliyyat səmərəliliyinin artırılması, maliyyə dayanıqlığının gücləndirilməsi və biznes portfelinin genişləndirilməsi üzrə uzunmüddətli hədəflərin uğurla həyata keçirildiyini göstərir.
