“Bakı Tikiş Evi” (BTE) ASC məktəbli formalarının qiymətlərində endirim edib.
Jnews.az xəbər verir ki, bu barədə müəssisənin satış üzrə müdiri Etibar Əzimov məlumat verib.
Onun sözlərinə görə, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata, jaketlərin qiyməti isə 30 manatdan 20-22 manata endirilib.
Hazırda qısaqol köynək və polo köynəklər 12 manata, uzunqol modellər isə 14 manata satılır. Müəssisənin məlumatına görə, bütün məhsullar 100 faiz pambıq parçadan hazırlanır.
Satış mərkəzləri ilboyu fəaliyyət göstərir. Lakin yeni tədris ili ilə əlaqədar sentyabrın 15-dək satış məntəqələri həftənin bütün günləri, o cümlədən şənbə və bazar günləri fəaliyyət göstərəcək.
Satış məntəqələrinin ünvanları və əlaqə vasitələri barədə məlumatları müəssisənin rəsmi internet saytı və “Instagram” səhifəsindən əldə etmək mümkündür.
BTE valideynlərə mənşəyi və keyfiyyəti məlum olmayan, sertifikatsız məhsullardan uzaq durmağı tövsiyə edib. Müəssisə fabrik istehsalı olan və zəmanət verilən məhsullara üstünlük verilməsini vacib hesab edir.
Mənbə: apa.az
