Yenilənib: Avqust 26, 2026 3:54 axşam
İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüş zamanı İrana münasibətdə üç mümkün yanaşmanı müzakirə etdiklərini bildirib.
Jnews.az xəbər verir ki, Netanyahu Yerusəlimdə keçirilən tədbirdə çıxışı zamanı bu variantların diplomatik razılaşma, hərbi addımlar və Tehrana qarşı təzyiqin daha da gücləndirilməsindən ibarət olduğunu deyib.
Baş nazir İran rəhbərliyi ilə nəticə verəcək razılaşmanın əldə olunacağına şübhə ilə yanaşdığını bildirib.
“Trampa dedim ki, köhnə variantlardan biri razılaşmadır. Əlbəttə, yaxşı bir razılaşma əldə edə bilsəniz, biz buna etiraz etmirik. Amma həmin tərəflə, o vəhşilərlə razılaşma əldə etməyin mümkün olduğuna şübhə edirəm”, – Netanyahu deyib.
İkinci variant kimi hərbi əməliyyatları göstərən İsrail hökumətinin başçısı, ölkəsinin mümkün hücum qarşısında özünü müdafiə etməyə hazır olduğunu vurğulayıb.
“İranın bizə hücum etməsinə imkan verməyəcəyik. Əgər hücum etsələr, gözləntilərini aşacaq bir zərbə alacaqlar”, – Netanyahu bildirib.
Üçüncü variantın isə İrana qarşı təzyiqin daha da artırılması olduğunu deyən Netanyahu, bunu Vaşinqtonun son günlər Tehrana qarşı genişləndirdiyi sanksiyalarla əlaqələndirib. Onun sözlərinə görə, ABŞ yalnız İranın özünə deyil, həm də bu ölkənin rejiminə dəstək verən tərəflərə təzyiq göstərir.
“Prezident Trampın dünən etdiyi addım İranın özünə deyil, bu rejimə, bu dəhşətli diktaturaya kömək edənlərə təzyiq göstərməklə ona qarşı blokadanın daha da sərtləşdirilməsidir. Bu, çox vacibdir”, – Netanyahu vurğulayıb.
