ABŞ İranın iqtisadi və maliyyə imkanlarını məhdudlaşdırmağa yönəlmiş yeni genişmiqyaslı “İqtisadi Təcrid” (“Operation Economic Outcast”) əməliyyatına başlayıb.
Jnews.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi yeni kampaniyanın İranın qlobal maliyyə əlaqələrini hədəf aldığını və Tehranın iqtisadi gəlir mənbələrinin məhdudlaşdırılmasına yönəldiyini açıqlayıb.
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqtonun məqsədi İran rejimini dəstəkləyən bütün iqtisadi gəlir mənbələrini kəsmək və Tehranı beynəlxalq iqtisadi təcrid vəziyyətinə salmaqdır.
“Məqsədimiz bu tiran rejimi dəstəkləyən hər bir iqtisadi gəlir mənbəyini kəsməkdir ki, Tehran təklənsin”.
Yeni kampaniya çərçivəsində ABŞ İranın neft satışları, nüvə və ballistik raket proqramları, eləcə də kiberfəaliyyəti ilə əlaqədə ittiham olunan təxminən 60 fiziki şəxs, şirkət və gəmi barəsində sanksiyalar tətbiq edib.
Bununla yanaşı, İranla əməkdaşlıq edən xarici qurumlara qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi riskinin əhatə etdiyi sahələr genişləndirilib. Bu sahələrə rəqəmsal aktivlər, texnologiyalar, qızıl, aviasiya və gəmiçilik də daxildir. ABŞ digər ölkələri və şirkətləri Tehranla iqtisadi əlaqələrini dayandırmağa çağırsa da, hələlik İranın əsas ticarət tərəfdaşlarına qarşı ən sərt məhdudiyyətləri tətbiq etməyib.
Xüsusilə, İran neftinin ən böyük alıcısı olan Çinin iri maliyyə institutları hələlik yeni sanksiyaların birbaşa hədəfinə çevrilməyib. Bessent bildirib ki, digər ölkələrə ABŞ-ın tələblərinə əməl etmək üçün vaxt veriləcək.
Mənbə: thejc.com
