Ukrayna Prezidenti Volodimir Zelenski Çini rusiyalı həmkarı Vladimir Putinə təsir göstərməyə və mümkün yeni genişmiqyaslı eskalasiyanın qarşısını almağa çağırıb.
Jnews.az xəbər verir ki, Zelenski bu barədə Ukraynanın Müstəqillik Günü münasibətilə xalqa müraciətində danışıb.
Ukrayna lideri bildirib ki, Pekin Rusiyaya təsir imkanlarından istifadə etməli və bununla həm Çini, həm də dünyanı yeni genişmiqyaslı eskalasiya təhlükəsindən qorumalıdır.
Zelenski Çinin beynəlxalq liderlik iddialarını yalnız iqtisadi və texnoloji sahələrlə məhdudlaşdırmamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Pekin dünyada heç kimin nüvə silahı ilə digər ölkələri və bütövlükdə planeti təhdid edə bilməyəcəyini açıq şəkildə göstərməlidir.
“Çin artıq susmamalıdır. Kimsə dənizçi geyimində və furajkada peyda olub nüvə zərbəsindən danışanda Çin buna reaksiya verməli, Putinin hərarətini soyutmalıdır”, – Zelenski bildirib.
Ukrayna Prezidenti həmçinin qeyd edib ki, Rusiya vaxtında dayandırılmasa, Vladimir Putin Ukraynadan kənarda yeni müharibəyə başlaya bilər. O, beynəlxalq ictimaiyyəti Ukraynaya Rusiyanı dayandırmaq üçün lazımi dəstəyi göstərməyə çağırıb.
