ABŞ-ın Florida ştatında yerləşən “Powerus” startapı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İran tərəfindən buraxılan pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan ucuz dron-interseptorların kütləvi istehsalını həyata keçirir.
Jnews.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, şirkət hazırda ayda təxminən 3 min belə aparat istehsal edir.
Məlumata görə, istehsal kiçik bir anbarda həyata keçirilir və burada çalışan işçilər gündə 12 saat işləyirlər.
Təxminən 5 min dollar dəyərində olan dron-interseptor 3D-printer vasitəsilə çap edilmiş hissələrdən yığılır, həmçinin standart mikrosxem və GPS modullarından istifadə edilir.
Nəşrin yazdığına görə, “Powerus” ABŞ-da yeni zavodlar inşa etmədən istehsalı sürətlə artırmaq məqsədilə BƏƏ-dəki yerli istehsalçılarla əməkdaşlığa başlayıb. Bu yanaşma şirkətə ixracla bağlı bürokratik prosedurlardan yayınmağa imkan verir.
Şirkət gələcəkdə müxtəlif ölkələrdə müəssisələr şəbəkəsi yaratmağı və 2027-ci ilin ortalarınadək dron-interseptorların qlobal istehsal həcmini ayda 15 min ədədə çatdırmağı planlaşdırır.
