Ermənistanın Baş naziri Nikol Paşinyan “Tramp marşrutu” kimi tanınan TRIPP layihəsinin Ermənistanın cənubundakı Syunik vilayətindən keçəcəyini və dəmir yolu xəttinin sovet dövründə mövcud olmuş marşrut üzrə salınacağını bildirib.
Jnews.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, layihə çərçivəsində Ermənistanın Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin bərpası ilə yanaşı, ölkənin beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyası da təmin edilə bilər.
Məlumata görə, TRIPP çərçivəsində Azərbaycan ərazisindən keçən dəmir yolu bağlantısı Ermənistanın Rusiya və Mərkəzi Asiya ilə əlaqələrini genişləndirəcək. Bu istiqamətdə Ermənistanın regional nəqliyyat şəbəkəsinə çıxışının artırılması gözlənilir.
Paşinyan həmçinin layihənin İran üçün də iqtisadi imkanlar yaradacağını bildirib. Onun sözlərinə görə, TRIPP-in həyata keçirilməsi nəticəsində Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu bağlantısının yaradılması mümkün olacaq. Bu isə Ermənistanla İran arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsinə şərait yarada bilər.
Paşinyan daha əvvəl bildirmişdi ki, TRIPP çərçivəsində tikiləcək dəmir yolu sovet dövründə mövcud olmuş dəmir yolu xəttinin marşrutunu izləyəcək. Onun sözlərinə görə, başqa istiqamətdə yeni dəmir yolu xətti çəkmək real deyil.
TRIPP layihəsi 2025-ci ilin avqustunda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış Vaşinqton Birgə Bəyannaməsi çərçivəsində nəzərdə tutulub. Layihənin Ermənistan ərazisində regional nəqliyyat əlaqələrinin genişləndirilməsi məqsədi daşıdığı bildirilir.
