Rusiyanın Tula şəhərində yəhudi icmasının tarixi və mədəni irsini tanıtmaq məqsədilə “Qonaqpərvər yəhudi Tulası” adlı yeni turizm layihəsi təqdim olunub.
Layihə “TikunLab 2026” sosial layihələr laboratoriyasının qalibi olub. Layihənin müəllifi Tula Yəhudiləri Tarixi Muzeyinin rəhbəri Malika Muxutdinovadır. O, yəhudi icmasının nümayəndələri ilə birlikdə şəhərin yəhudi irsini əks etdirən xüsusi turizm marşrutu hazırlayıb.
Məlumata görə, yəhudilərin Tulada məskunlaşması XIX əsrdə başlayıb. Həmin dövrdə bir qrup yəhudi hərbi xidmət üçün Tula silah zavoduna göndərilib və xidmətlərini başa vurduqdan sonra şəhərdə yaşamağa qərar verib. 1859-cu ildə şəhərin ilk ravvini Meyer Zafrenin fəaliyyəti isə icmanın formalaşması və inkişafında mühüm rol oynayıb.
Hazırda şəhərin yəhudi həyatı “Hasdey Neşama” icma mərkəzində cəmləşib. Burada sinaqoq, tarix muzeyi, məktəb, uşaq bağçası, xeyriyyə mərkəzi və kosher yeməkxanası fəaliyyət göstərir. Muzeydə icmanın tarixini əks etdirən qədim kitablar, sənədlər, dini əşyalar və digər eksponatlar nümayiş etdirilir.
“Qonaqpərvər yəhudi Tulası” marşrutu çərçivəsində turistlər sinaqoqu ziyarət edir, yəhudi ənənələri və mədəniyyəti ilə tanış olur, Tulanın tarixi küçələrini gəzir, şəhərin görməli yerlərini, o cümlədən Tula Kremlini ziyarət edir və yəhudi mətbəxinin nümunələrini dadmaq imkanı qazanırlar.
Layihənin əsas məqsədi Tulanın tarixində yəhudi icmasının rolunu nümayiş etdirmək, şəhərin mədəni müxtəlifliyini tanıtmaq və ziyarətçiləri bu irslə yaxından tanış etməkdir. Layihə müəlliflərinin fikrincə, təşəbbüs tarixi irsin qorunmasına və müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.