Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov 89 yaşında vəfat edib. Onun avqustun 17-də Hərbi Memorial Məzarlıqda dəfn olunacağı bildirilir.
Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda anadan olub. O, uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib və ümumilikdə 57 ilini sərhədlərin mühafizəsi sahəsinə həsr edib
A. Novruzov Azərbaycanın müstəqilliyinin bərpasından sonra Sərhəd Qoşunlarının formalaşması prosesində də yaxından iştirak edib.
1994-cü il aprelin 8-də Prezident Heydər Əliyevin sərəncamı ilə Abbasəli Novruzov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, eyni zamanda milli təhlükəsizlik nazirinin müavini vəzifəsini də tutub. A. Novruzov 2001-ci ilədək Sərhəd Qoşunlarına rəhbərlik edib.
Onun rəhbərliyi dövründə Azərbaycanın Sərhəd Qoşunlarının formalaşdırılması, sərhədlərin mühafizəsinin təşkili və peşəkar sərhədçi kadrların hazırlanması istiqamətində işlər aparılıb.
Abbasəli Novruzov 2017-ci ildə Azərbaycanın xüsusi xidmət orqanlarında uzunmüddətli və səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
