Avqustun 16-na keçən gecə Moskva vilayəti genişmiqyaslı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri 187 PUA-nı zərərsizləşdirib. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Ramenskoye şəhərində 83 yaşlı kişi PUA hücumu nəticəsində həyatını itirib. Podolskda isə üç nəfər yaralanıb. Vilayətin müxtəlif ərazilərində yaşayış evlərinə və avtomobillərə ziyan dəyib.
Hücumlar bir sıra iri sənaye və logistika obyektlərində yanğınlara səbəb olub. Podolskda yerləşən “Koledino” sənaye zonasında Rusiyanın ən böyük logistika mərkəzlərindən biri olan “Wildberries”in təxminən 200 min kvadratmetr sahəyə malik anbarında yanğın baş verib. Qubernator hadisəni təsdiqləyib və müəssisənin əməkdaşları arasında xəsarət alan olmadığını bildirib. Şəhərdə elektrik verilişi xəttinin də zədələndiyi qeyd olunur.
Domodedovoda dərman anbarında yanğın qeydə alınıb. Rusiya kimya sənayesinin əsas mərkəzlərindən biri olan Voskresenskdə sənaye obyektinə ziyan dəyib. Kaşirada isə PUA polis şöbəsinin binasına çırpılıb.
Hücumların Moskva vilayəti ilə məhdudlaşmadığı bildirilir. Samara vilayətində sənaye müəssisəsinə raket zərbəsi endirildiyi barədə məlumat yayılıb. Hücumun ehtimal olunan hədəfi kimi “Proqress” Raket-Kosmik Mərkəzinin adı çəkilir.
Ukrayna Silahlı Qüvvələri isə Novorossiyskə endirilən zərbə zamanı Rusiyanın dörd hərbi gəmisinin vurulduğunu iddia edib
Bununla yanaşı, Rusiya ordusunun Kiyev və Ukraynanın digər bölgələrinə də zərbələr endirdiyi bildirilir.
Mənbə: newsru.co.il
