Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib.
Beynəlxalq KİV-in məlumatına görə, hücum zamanı Ryazanda yerləşən “Wildberries” şirkətinin logistika anbarı və neft emalı infrastrukturu hədəfə alınıb. Zərbələr nəticəsində anbar ərazisində yanğın baş verdiyi, neft emalı obyektində isə dağıntıların qeydə alındığı bildirilir.
Məlumatlarda qeyd olunur ki, Ukrayna son həftələrdə Rusiyanın hərbi logistika və yanacaq təminatında mühüm rol oynadığı iddia edilən obyektlərə PUA hücumlarını intensivləşdirib. Bu çərçivədə “Wildberries” şirkətinin bir neçə logistika mərkəzi də hədəfə alınıb.
Rusiya rəsmiləri hücumla bağlı məlumatları qismən təsdiqləsələr də, dəymiş ziyanın miqyası barədə hələlik rəsmi açıqlama verməyiblər. Ukrayna tərəfi isə əməliyyatla bağlı hələlik rəsmi bəyanat yaymayıb.
Qeyd edək ki, Ryazan vilayəti Rusiyanın mühüm neft emalı və hərbi logistika mərkəzlərindən biri hesab olunur.