ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşünün gələn həftə baş tuta biləcəyini açıqlayıb. O bildirib ki, görüş NATO sammitindən qayıtdıqdan sonra keçiriləcək.
Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.
ABŞ lideri Vaşinqton və Təl-Əviv arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, Netanyahu ilə sıx əməkdaşlıq etdiklərini qeyd edib.
“Bizim çox yaxşı münasibətlərimiz var. Netanyahu burada kimin əsas söz sahibi olduğunu bilir”.
ABŞ Prezidenti müsahibə zamanı İranla bağlı məsələlərə də toxunub. O, İranın keçmiş Ali Lideri Əli Xameneinin dəfn mərasimini izlədiyini söyləyib və mərasimdə ölkə rəhbərliyinin iştirakına diqqət çəkib.
“Hamısı oradadır. Bir zərbə ilə onların hamısını məhv edə bilərdik. Amma bunu etməyəcəyik, çünki o zaman danışıqlar aparacaq heç kim qalmayacaq”.
Prezident həmçinin dəfn mərasimində iştirak edən insanların emosional reaksiyalarına münasibət bildirərək, iranlıların Xameneinin ölümünə görə ağlamasını gözləmədiyini deyib.
“Mən əhalinin ona nifrət etdiyini düşünürdüm. Bəlkə də bunlar saxta göz yaşlarıdır”.
Trampın açıqlamaları ABŞ-İsrail münasibətləri və Vaşinqtonun İran siyasəti ilə bağlı müzakirələrin davam etdiyi bir dövrə təsadüf edir.