Çin Xalq Azadlıq Ordusunda (XAOO) korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı yüksək rütbəli hərbçilərə qarşı genişmiqyaslı təmizləmə kampaniyası davam edir.
“Intelligence Online” nəşrinin məlumatına görə, aparılan araşdırmalar fonunda üç yüksək vəzifəli çinli məmur digərlərindən fərqli olaraq həbs edilməyib, yalnız vəzifələri aşağı salınıb.
Nəşr yazır ki, həmin şəxslərin hər üçü Çin sədri Si Cinpinin yaxın silahdaşlarıdır. Bildirilir ki, onların vəzifələrinin endirilməsi təşəbbüsü məhz Si Cinpin tərəfindən irəli sürülüb. Məqsəd bu şəxsləri statuslarını tədricən itirməklə hakimiyyət strukturlarından uzaqlaşdırmaq olub. Bu qərar onların həbs cəzasından yayınmasına imkan verib.
Bu addım Si Cinpinin korrupsiyaya qarşı kampaniyasının zəiflədiyi anlamına gəlmir. Əksinə, bəzi məmurların həbs əvəzinə vəzifələrinin aşağı salınmasına üstünlük verməsi Çin liderinin ordunun tam nəzarətini əlində saxladığını nümayiş etdirir. Nəşrin qənaətinə görə, bununla Si Cinpin həm ölkə daxilində, həm də xaricdə səslənən fərqli qiymətləndirmələrə baxmayaraq, silahlı qüvvələr üzərində hakimiyyətini qoruduğunu göstərir.