Bu gecə Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi növbəti raket zərbəsi nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb, 43 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Şəhər meri Vitali Kliçko və yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, xilasedicilər Podol rayonunda raketin qismən dağıtdığı yaşayış binasının dağıntıları altında qalan insanların axtarışını davam etdirirlər. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları və xüsusi texnika cəlb olunub.
Məlumata əsasən, hücum nəticəsində Kiyevin Qoloseyev rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında da güclü yanğın baş verib. Podol rayonunda zərər görmüş binadan 15 nəfər, o cümlədən 3 qadın və 6 uşaq təxliyə edilib. Yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.
Ukrayna rəsmiləri bildirirlər ki, son hücum paytaxtın yaşayış məntəqələrini hədəf alan növbəti genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumlarından biridir.





