Ötən gecə Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi növbəti kütləvi raket hücumu Polşada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub. Ölkənin hava hücumundan müdafiə qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, döyüş təyyarələri isə havaya qaldırılıb.
Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının yaydığı məlumata görə, müşahidə sistemləri gecə saatlarında Rusiyanın uzaqmənzilli aviasiyasının fəallığını və Qərbi Ukrayna istiqamətində buraxılan çoxsaylı raketləri qeydə alıb.
Məlumata əsasən, raketlərdən biri Polşa sərhədinə təxminən 5 kilometr məsafəyə qədər yaxınlaşıb. Lakin sərhədi keçmədən uçuş istiqamətini dəyişib və Polşa hava məkanını pozmayıb.
Eyni zamanda, Polşa hava məkanında mənşəyi hələlik müəyyən edilməyən naməlum uçan obyekt aşkarlanıb. Hadisədən sonra onun ələ keçirilməsi üçün F-16 qırıcı təyyarəsi havaya qaldırılsa da, obyekt vizual identifikasiya aparılmamış radar ekranlarından itib.
Sonradan Mi-24 hərbi helikopteri Lyublin voyevodalığının Tarnava-Kolonya yaşayış məntəqəsi yaxınlığında naməlum obyektin ehtimal olunan düşmə yerini müəyyən edib. Hazırda hadisə yerində hərbçilər, polis və fövqəladə xidmət əməkdaşları araşdırma aparır.
Polşa hakimiyyəti vəziyyəti nəzarətdə saxladıqlarını bildirir. Naməlum obyektin mənşəyi və sərhəd bölgəsində qeydə alınan hadisələrin Rusiyanın Ukraynaya qarşı hücumu ilə əlaqəsinin olub-olmadığı araşdırılır.