İsrail ABŞ-ın F-35 qırıcıları ilə müqayisə oluna biləcək xüsusiyyətlərə malik yeni nəsil döyüş pilotsuz uçuş aparatı (PUA) hazırlamağı planlaşdırır. Bu barədə “Bloomberg” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, layihə İsrailin ABŞ-ın hərbi yardımından asılılığını tədricən azaltmaq strategiyasının bir hissəsidir. Təl-Əviv gələcəkdə bu yardımı silahların birgə hazırlanması və istehsalı üzrə əməkdaşlıq proqramları ilə əvəz etməyi hədəfləyir.
Perspektivli döyüş PUA-sının hazırlanması layihəsinə digər ölkələrin də cəlb olunması istisna edilmir.
Yeni pilotsuz platformanın texniki xüsusiyyətlərinin ABŞ istehsalı olan F-35 qırıcılarının imkanlarına yaxın olması nəzərdə tutulur. Bu təşəbbüs İsrailin müdafiə sənayesində texnoloji müstəqilliyini gücləndirməyə yönəlmiş növbəti addım kimi qiymətləndirilir.