Kolumbiyada güclü zəlzələ baş verib. Yeraltı təkanlar ölkənin paytaxtı Boqota da daxil olmaqla geniş ərazidə, həmçinin qonşu Ekvador və Venesuelada hiss olunub.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin maqnitudası 7,4 olub. Yeraltı təkanların episentri Kolumbiyanın qərbində, Çoko departamentinin San-Xose-del-Palmar bölgəsi yaxınlığında yerləşib. Zəlzələnin ocağının təxminən 100 kilometr dərinlikdə olduğu bildirilir.
Güclü silkələnmə Kolumbiyanın müxtəlif şəhərlərində təşvişə səbəb olub. Paytaxt Boqotada sakinlərin bir qisminin təhlükəsizlik məqsədilə binaları tərk etdiyi bildirilib. Zəlzələ qonşu Ekvadorun paytaxtı Kitoda, eləcə də Venesuelanın bəzi bölgələrində də hiss olunub.
İlkin məlumatlara əsasən, episentrə yaxın ərazilərdə bəzi tikililərə ziyan dəyib və xəsarət alanlar barədə məlumatlar daxil olub. Yerli hakimiyyət orqanları mümkün dağıntıların miqyasını müəyyənləşdirmək üçün ərazidə qiymətləndirmə işlərinə başlayıb.
Çoko departamentinin qubernatorui zəlzələdən sonra mümkün təkrar təkanlarla bağlı narahatlığını ifadə edib. Xilasetmə və fövqəladə hallar xidmətləri bölgədə vəziyyəti qiymətləndirməyə davam edir.
