Cümə axşamı, avqustun 6-da Filippinin cənub sahilləri yaxınlığında 6,3 maqnitudalı zəlzələ baş verib.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun (PHIVOLCS) məlumatına görə, zəlzələnin episentri Balut adasından təxminən 99 kilometr cənub-qərbdə yerləşib.
Yeraltı təkanlar yerli vaxtla saat 05:41-də qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə rəsmi məlumat verilməyib. Aidiyyəti qurumların vəziyyəti izlədiyi və məlumatları dəqiqləşdirdiyi deyilir.
Qeyd edək ki, Cənub-Şərqi Asiyada yerləşən Filippin “Sakit okean alov halqası” adlanan seysmik zonada yerləşir. Bu region yüksək seysmik və vulkanik aktivliyi ilə seçilir. Buna görə də ölkədə mütəmadi olaraq zəlzələlər, sunamilər və vulkan püskürmələri baş verir.
Mənbə: news.day.az