İsrail parlamenti – Knesset Tövratın öyrənilməsi ilə bağlı əsas qanun layihəsini ilk oxunuşda qəbul edib.
İyulun 1-də keçirilən plenar iclasda dini partiyaların təşəbbüsü ilə irəli sürülən qanun layihəsinin lehinə 63 deputat, əleyhinə isə 53 deputat səs verib. Layihə əsas qanun statusu daşıdığından onun ilk oxunuşdan keçməsi üçün minimum 61 deputatın dəstəyi tələb olunurdu.
İsrailin Baş naziri Benyamin Netanyahu də Knessetə gələrək səsvermədə iştirak edib.
Hakim Likud Partiyasının deputatları Dan İluz və Yuli Edelşteyn isə qanun layihəsinin əleyhinə səs veriblər.
Qanun layihəsinin ilkin variantında yeşivalarda dini təhsilin İsrail Müdafiə Qüvvələri (SAXAL) sıralarında hərbi xidmətlə status, hüquq və güzəştlər baxımından bərabər tutulması nəzərdə tutulurdu. Lakin sonradan bu müddəa layihədən çıxarılıb.
Hazırda müzakirə olunan redaksiyaya əsasən, Tövratın öyrənilməsi İsrail dövlətinin əsas dəyərlərindən biri kimi təsbit edilir. Sənəddə vurğulanır ki, Tövratı öyrənən şəxslər İsrail dövlətinə mühüm töhfə verən insanlar hesab olunurlar.
Qanun layihəsinin qüvvəyə minməsi üçün onun Knessetdə daha iki oxunuşdan da uğurla keçməsi tələb olunur.