İsrailin üç futbol klubu iyulun 23-də keçirilən Avropa kuboklarının ikinci təsnifat mərhələsinin ilk oyunlarında qələbə qazanaraq növbəti mərhələyə yüksəlmək üçün ciddi üstünlük əldə edib.
Avropa Liqasının təsnifat mərhələsində Təl-Əvivin “Makkabi” klubu səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşıb. İsrail təmsilçisi rəqibini böyük hesabla – 5:0 hesabı ilə məğlub edib. “Makkabi” artıq ilk hissədə 2:0 hesabı ilə önə keçib və cavab görüşü öncəsi böyük üstünlük qazanıb.
Konfrans Liqasının təsnifat mərhələsində Təl-Əvivin “Hapoel” klubu ev oyununu Macarıstanda keçirib. İsrail komandası Bolqarıstan çempionu “Ludoqorets”ə 2:0 hesabı ilə qalib gəlib.
Digər İsrail təmsilçisi “Beitar” isə səfərdə Kiprin “AEK Larnaka” klubunu 1:0 hesabı ilə məğlub edib.
Komandalar arasında cavab qarşılaşmaları iyulun 30-da keçiriləcək. “Makkabi” “Şerif”i İsraildə qəbul edəcək, “Hapoel” Bolqarıstanda “Ludoqorets”lə qarşılaşacaq, “Beitar” isə “AEK Larnaka” ilə doğma meydanda mübarizə aparacaq.