İsrail Venesuelada baş vermiş iki dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək vermək məqsədilə bu ölkəyə rəsmi xilasetmə və humanitar missiyası göndərir.
İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nümayəndə heyəti iyunun 30-da Venesuelaya yola düşəcək. Missiyanın əsas məqsədi dağıntılar altında qalan insanların axtarışı, xilasetmə əməliyyatlarının təşkili və yerli qurumlara texniki dəstəyin göstərilməsidir.
Diqqətçəkən məqamlardan biri isə İsrailin bu addımı iki ölkə arasında 2009-cu ildən diplomatik münasibətlərin olmamasına baxmayaraq atmasıdır.
Nümayəndə heyətinin tərkibinə İsrail Xarici İşlər Nazirliyinin, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) və Daxili Cəbhə Komandanlığının əməkdaşları daxildir.
Missiyaya Xarici İşlər Nazirliyi adından Venesuelada böyümüş səfir Yoad Magen rəhbərlik edəcək. Daxili Cəbhə Komandanlığının heyətinə isə qərargah rəisi, briqada generalı Elad Edri komandanlıq edəcək. Heyətdə mühəndis və axtarış-xilasetmə üzrə ixtisaslaşmış mütəxəssislər də yer alıb. Bildirilir ki, yaxın günlərdə onlara Daxili Cəbhə Komandanlığı və İsrail Milli Fövqəladə Hallar İdarəsinin əlavə ekspertləri də qoşulacaq.
İsrail rəsmilərinin sözlərinə görə, missiya Venesuela tərəfi ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərəcək və görüləcək işlər bölgədəki real ehtiyaclara uyğun şəkildə həyata keçiriləcək.