Suriyanın paytaxtı Dəməşqin mərkəzində, Ədalət Sarayının yaxınlığındakı kafelərdən birində baş verən güclü partlayış nəticəsində azı 4 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
SANA-nın məlumatına görə, yaralılar təcili tibbi yardım briqadaları tərəfindən şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb. Polis və təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb, əraziyə giriş-çıxışı məhdudlaşdırıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayışdan dərhal sonra əraziyə çoxsaylı təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib. Yerli media partlayışın şəhərin mərkəzində böyük təşvişə səbəb olduğunu bildirir.
Hazırda partlayışın səbəbi rəsmi şəkildə açıqlanmayıb. Suriya hakimiyyəti hadisənin texniki qəza, qaz sızması və ya terror aktı nəticəsində baş verib-vermədiyini müəyyənləşdirmək üçün araşdırma aparır. Bu mərhələdə heç bir versiya rəsmi olaraq təsdiqlənməyib.

