Rusiya, 13 İyul – Rusiya, 13 İyul – Rusiyanın Buryatiya Respublikasında iyulun 13-də, Bakı vaxtı ilə saat 06:18-də 6.7 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların episentri Tunkin rayonunda, Kıren yaşayış məntəqəsindən 7,6 kilometr şimal-qərbdə, Arşan qəsəbəsindən isə 34 kilometr məsafədə qeydə alınıb.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin məlumatına görə, zəlzələnin enerji sinfi 12,9 olaraq qiymətləndirilib. Təkanlar İrkutsk, Anqarsk, Şelexov və Slyudyanka kimi yaşayış məntəqələrində 3 bal gücündə hiss olunub, Tunkin rayonunun özündə isə yerli sakinlər zəif yeraltı təkanlar müşahidə ediblər.
Hadisə ilə əlaqədar Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Buryatiya üzrə regional baş idarəsi məlumat yayıb. Nazirliyin operativ qrupları hazırda yaşayış binalarında, sosial obyektlərdə və infrastrukturda mümkün zədələnmələri aşkar etmək məqsədilə yoxlamalar aparır. Mütəxəssislər bildirirlər ki, Tunkin rayonu yüksək seysmik aktivliyə malik Baykal rift zonasının bir hissəsi olduğu üçün burada tektonik proseslər səbəbindən vaxtaşırı yeraltı təkanlar qeydə alınır.