ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda yerləşən yəhudi sinaqoquna silahlı hücum cəhdinin qarşısı alınıb.
Antisemitizmlə Mübarizə Hərəkatının yaydığı məlumata görə, hadisə iyulun 1-də baş verib. Bıçaq və beysbol dəyənəyi ilə silahlanmış şəxs sinaqoqun yerləşdiyi binaya daxil olub. İlkin məlumata əsasən, yəhudi olmayan hücumçu diqqət çəkməmək və niyyətini gizlətmək məqsədilə başına yəhudilərin ənənəvi baş geyimi olan kipa taxıb.
Hadisə zamanı sinaqoqda olan ibadətçilər operativ reaksiya göstərərək hücumçunu zərərsizləşdiriblər. Onlar şübhəlinin əlindən silahları alıb, onu binadan çıxarıblar və polis əməkdaşları hadisə yerinə gələnədək nəzarət altında saxlayıblar.
Hadisə yerinə gələn Nyu-York Polis Departamentinin əməkdaşları şübhəlini saxlayaraq həbs ediblər.
Hazırda hüquq-mühafizə orqanları saxlanılan şəxsin motivlərini araşdırır. İstintaq çərçivəsində hadisənin antisemitizm zəminində və ya nifrət motivi ilə törədilmiş cinayət olub-olmadığı da yoxlanılır.