Azərbaycanda qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə tutulan 20 manatlıq dövlət rüsumu ləğv ediləcək. Bu dəyişiklik Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna edilən təklif əsasında nəzərdə tutulur.
Dəyişikliyin əsası nədir?
Bizim.media-nın məlumatına görə, qüvvədən düşmüş 30 iyun 1998-ci il tarixli “Qaz təchizatı haqqında” qanunda qaz qurğularının xəritələrinin dövlət rüsumu ödənilməklə sifarişçilərə verilməsi müddəası mövcud idi. Lakin həmin qanunun yerini tutan yeni “Qaz təchizatı haqqında” qanun bu müddəanı artıq nəzərdə tutmur. Buna uyğun olaraq “Dövlət rüsumu haqqında” qanunun 18.59-cu maddəsi ləğv edilir.
Terminoloji uyğunlaşdırma da aparılır
Həmin iclasda “Energetika haqqında” Azərbaycan Respublikasının qanununda da müəyyən dəyişikliklər edilməsi məsələsi qaldırılıb. Söhbət terminoloji xarakterli uyğunlaşdırmadan gedir. Qanunun məzmunu deyil, istifadə olunan anlayışlar yeni normativ bazaya uyğunlaşdırılır.