30 Av 5786 13 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycanda xəstəxananın yoluxucu xəstəliklər şöbəsinin binası

Azərbaycanda qarayara xəstəliyi: 9 nəfər xəstəxanaya yerləşdirilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycanın Samux rayonunda qarayara infeksiyası laborator müayinələrlə təsdiqlənib. Bu barədə Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və TƏBİB-in birgə məlumatında bildirilib.

İlkin epidemioloji araşdırma zamanı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyənləşdirilib.

9 nəfər xəstəxanada təcrid olunub

Məlumata görə, xəstə heyvanlarla təmasda olan 9 nəfər Gəncə şəhərindəki Abbas Səhhət adına Birləşmiş Xəstəxananın yoluxucu xəstəliklər şöbəsində təcrid olunub. Onların əksəriyyətinin Samux rayonunun sakinləri olduğu bildirilib.

Dəri zədələnmələri müşahidə olunan şəxslərdən laborator müayinə üçün nümunələr götürülərək Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

“Qarayara” diaqnozu ilk pasiyentdən götürülən nümunələrin laborator müayinəsinin nəticələri əsasında təsdiqlənib.

Hazırda mütəxəssislər yoluxmuş heyvanlarla təmasda olmuş bütün şəxsləri müəyyənləşdirərək onları tibbi nəzarətə cəlb edirlər.

Qarayara insana necə keçir?

Aidiyyəti qurumların məlumatına görə, qarayaranın törədicisi torpaq mənşəlidir və xəstəliyə dünyanın müxtəlif bölgələrində rast gəlinir.

Zoonoz xəstəlik əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas zamanı insana keçir.

Qurumlar bildiriblər ki, infeksiyanın insandan insana ötürülməsi çox nadir hallarda baş verir. Xəstə heyvanların termiki emal olunmuş ətinin və digər məhsullarının istehlakı isə yoluxmaya səbəb olmur.

Hazırda vəziyyət aidiyyəti qurumların tam nəzarəti altındadır və Samux rayonunda zəruri epidemioloji tədbirlər həyata keçirilir. Xəstəliyin əhali arasında yayılması qeydə alınmayıb.

Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla, həmçinin şübhəli mənşəli heyvandarlıq məhsulları ilə təmasdan çəkinmək, narahatedici əlamətlər yarandıqda isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Azərbaycanda qarayara xəstəliyi: 9 nəfər xəstəxanaya yerləşdirilibjnews.az səsləndirməsi