Yenilənib: Avqust 13, 2026 2:43 axşam
İsrailin aparıcı banklarından biri olan “Bank Leumi” müştərilərinə birbaşa bank infrastrukturu üzərindən kriptovalyuta alıb-satmağa imkan verəcək yeni xidməti istifadəyə hazırlayır.
Bank bu layihəni həyata keçirmək üçün əvvəllər GK8 kimi tanınan “Galaxy Digital” və “Galaxy Custody” şirkətləri ilə əməkdaşlıq sazişi imzalanıb.
Yeni xidmətin 2027-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Bununla belə, xidmət yalnız İsrail Bankının rəsmi icazəsindən sonra müştərilər üçün əlçatan olacaq.
“Bitcoin”, “Ether” və “Solana” da daxil olacaq
Xidmət istifadəyə verildikdən sonra “Bank Leumi” və rəqəmsal PEPPER bankının müştəriləri seçilmiş rəqəmsal aktivləri bank vasitəsilə almaq, saxlamaq və satmaq imkanı əldə edəcəklər.
İlkin mərhələdə bu aktivlər arasında “Bitcoin”, “Ether” və “Solana”nın olması nəzərdə tutulur.
Əməliyyatlar kapital bazarında əqdlər üçün istifadə olunan “Leumi Trade” tətbiqinin xüsusi təhlükəsiz bölməsində həyata keçiriləcək.
“Galaxy Digital” layihənin tərəfdaşı olacaq
NASDAQ-da səhmləri tədavül olunan “Galaxy Digital Inc.” layihənin infrastruktur tərəfdaşı kimi çıxış edəcək. Şirkət rəqəmsal aktivlər və məlumat mərkəzləri sahəsində fəaliyyət göstərir və maliyyə institutlarına ticarət, aktivlərin idarə olunması, kastodial saxlama, steykinq və tokenləşdirmə xidmətləri təqdim edir.
Layihə çərçivəsində “Galaxy Custody Infrastructure” və “GalaxyOne Institutional” platformalarından istifadə olunacaq.
Bank Leumi-nin strateji istiqamətinin rəhbəri Maya Rabia bildirib ki, yeni xidmət bankın innovasiya strategiyasının mühüm hissəsidir.
Onun sözlərinə görə, rəqəmsal aktivlər qlobal maliyyə sisteminin tədricən ayrılmaz hissəsinə çevrilir və bankın məqsədi müştərilərə etibarlı bank platforması vasitəsilə bu bazara sadə və nəzarət olunan çıxış imkanı yaratmaqdır.
“Galaxy Israel” və “Galaxy Custody” şirkətlərinin baş icraçı direktoru Lior Lameş isə “Bank Leumi”nin müştərilərinə kriptovalyutalara çıxış təklif edən ilk İsrail bankı olduğunu bildirib.
O əlavə edib ki, İsraildə rəqəmsal aktivlər bazarı sürətlə inkişaf edir və yaradılan platforma kriptovalyutaların ticarəti və saxlanması üçün institusional səviyyədə təhlükəsizlik təmin edəcək.
Mənbə: cursorinfo.co.il
