İsrail hökuməti ölkənin keçmiş Baş naziri Qolda Meirin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yeni mərkəzin yaradılması barədə qərarı təsdiqləyib.
Yeni mərkəzdə Qolda Meirin həyat və siyasi fəaliyyəti barədə ekspozisiyalar təqdim olunacaq, həmçinin qadın liderliyi, dövlət idarəçiliyi və ictimai siyasət sahələrində elmi araşdırmalar aparılacaq.
Məlumata görə, 2026-cı ildən etibarən layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən hər il 7 milyon şekel ayrılacaq. Ayrılan vəsait mərkəzin və muzey kompleksinin tikintisinə, eləcə də təhsil, elmi və mədəni proqramların maliyyələşdirilməsinə yönəldiləcək.
Baş nazir Binyamin Netanyahu bildirib ki, Qolda Meir İsrail dövlətinin inkişafı və möhkəmlənməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, yaradılacaq mərkəz gələcək nəsillərin Qolda Meirin həyatını, siyasi irsini və İsrail tarixində tutduğu xüsusi yeri daha yaxından öyrənməsinə imkan verəcək.
Qeyd edək ki, Qolda Meir (1898–1978) İsrailin dördüncü baş naziri olub və ölkə tarixində bu vəzifəni tutan ilk qadınlardan biridir. O, 1969-1974-cü illərdə hökumətə rəhbərlik edib. Siyasi fəaliyyətinə dövlətin qurulmasından əvvəl başlayıb, daha sonra əmək naziri və xarici işlər naziri vəzifələrində çalışıb. Qolda Meir xüsusilə 1973-cü ildə baş vermiş Yom Kippur müharibəsi zamanı ölkəyə rəhbərlik etməsi ilə tanınır. O, İsrailin dövlət quruculuğunda və xarici siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərdən biri hesab olunur. 1974-cü ildə baş nazir vəzifəsindən istefa versə də, İsrail tarixinin ən nüfuzlu siyasi liderlərindən biri kimi yadda qalıb.