İsrailin ən məşhur turizm məkanlarından biri olan Bəhai bağları və Bab məqbərəsi dünyanın yeni yeddi möcüzəsi siyahısına daxil olmaq uğrunda mübarizə apara bilər.
Dünya Səyahət və Turizm Şurasının (WTTC) təşəbbüsü ilə həyata keçirilən yeni beynəlxalq layihə çərçivəsində 1801-ci ildən sonra inşa edilmiş ən görkəmli tikililər arasından dünyanın yeni yeddi möcüzəsi seçiləcək. Layihə iyulun 7-də start götürüb və hazırda hər kəs istədiyi tikilini namizəd kimi irəli sürə bilər.
Yeni seçim zamanı yalnız memarlıq gözəlliyi deyil, tikilinin turizmə, ölkə iqtisadiyyatına və şəhərin inkişafına verdiyi töhfə də əsas meyarlardan biri olacaq. Layihəyə uyğun nümunələr sırasında Parisdəki Eyfel qülləsi, İspaniyanın Bilbao şəhərində yerləşən Quqgenhaym Muzeyi və Misirdəki Böyük Misir Muzeyi göstərilir. Bununla belə, rəsmi namizədlərin siyahısı hələ açıqlanmayıb.
İsraildə yerləşən və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Bəhai bağları ilə Bab məqbərəsi də potensial namizədlər arasında göstərilir. Hər il yüz minlərlə turistin ziyarət etdiyi bu kompleks ölkənin ən tanınmış simvollarından biri hesab olunur.
Layihənin təqviminə əsasən, 2027-ci il yanvarın 7-də 70 namizədin siyahısı açıqlanacaq. Bundan sonra beynəlxalq səsvermə keçiriləcək, 7 aprel 2027-ci ildə siyahı 30 finalçıya qədər ixtisar olunacaq. Dünyanın yeni yeddi möcüzəsinin adları isə 7 iyul 2027-ci ildə elan ediləcək.
Qeyd edək ki, bu təşəbbüs 2007-ci ildə keçirilən və Kolizey, Petra, Maçu Pikçu, Çin səddi, Tac Mahal və digər məşhur abidələrin seçildiyi “Dünyanın yeni yeddi möcüzəsi” layihəsinin davamı kimi qiymətləndirilir. Bu dəfə isə diqqət XIX əsrdən sonra inşa edilmiş memarlıq nümunələrinə yönəldilib.