Vaşinqton, 13 İyul – ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində həyata keçirilən əməliyyat zamanı dəniz dronlarından ilk dəfə döyüş şəraitində istifadə edildiyini bəyan edib.
CENTCOM-un yaydığı məlumata görə, əməliyyat çərçivəsində İranda sualtı qayıqlara və hərbi gəmilərə xidmət göstərən obyekt hədəfə alınıb. Bildirilir ki, üç ədəd “Corsair” tipli pilotsuz suüstü gəmi İranın Bəndər-Abbas hərbi-dəniz bazasındakı limana zərbələr endirib.
Komandanlığın açıqlamasında qeyd olunub ki, bu, ABŞ hərbçilərinin dəniz dronlarından döyüş əməliyyatlarında ilk istifadəsi kimi tarixə düşüb.
CENTCOM: Dünən gecə həyata keçirilən zərbələr İranın kommersiya gəmiçiliyinə qarşı hücumlarını davam etdirmək imkanlarını zəiflədib.
ABŞ tərəfi əməliyyatın nəticələrinə dair əlavə məlumat paylaşmasa da, hadisə pilotsuz dəniz aparatlarının müasir hərbi əməliyyatlardakı rolunun artdığını bir daha nümayiş etdirib.