Bakı, 13 İyul – 2026-2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi ilə bağlı elektron müraciətlərin qəbuluna başlanılıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatına görə, yerdəyişmə prosesi tam elektron qaydada həyata keçiriləcək. Prosesdə ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddəti çərçivəsində təhsil alan, həmçinin təhsil aldıqları müddət ərzində təhsil proqramı üzrə nəzərdə tutulan kreditlərin ən azı 50 faizini toplamış tələbələr iştirak edə bilərlər.
Sənəd qəbulu 13 iyul 2026-cı il saat 10:00-da başlayıb və 19 iyul saat 18:00-dək davam edəcək.
Yerdəyişmədə iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, istifadəçi adı və şifrə ilə sistemə daxil olduqdan sonra müvafiq bölmədə elektron müraciət formasını doldurub təsdiqləməlidirlər.
Agentlik müraciət edən tələbələrə elektron ərizədə qeyd etdikləri məlumatların düzgünlüyünə xüsusi diqqət yetirməyi və proses üçün müəyyən edilmiş son tarixlərə əməl etməyi tövsiyə edib.