Geosiyasi baxımdan regionda vəziyyətin mürəkkəb olduğunu bildirən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın heç vaxt öz ərazisinin qonşu ölkələrə qarşı istifadə olunmasına imkan verməyəcəyini bəyan edib.
Türkiyənin “Milliyet” qəzetinə müsahibəsində danışan Hikmət Hacıyev bildirib ki, hazırda Azərbaycanın yerləşdiyi region mürəkkəb təhlükəsizlik mühiti ilə üz-üzədir.
“Geosiyasi baxımdan regionumuzda vəziyyət çox mürəkkəbdir. Bakıdan təxminən 200 kilometr cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. Təxminən 200 kilometr şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir”, – deyə Prezidentin köməkçisi bildirib.
Hikmət Hacıyev Azərbaycan ərazisinin İsrailin kəşfiyyat xidməti “Mossad” tərəfindən istifadə edilməsi ilə bağlı iddiaları da qətiyyətlə təkzib edib.
Onun sözlərinə görə, Azərbaycan İranı qardaş ölkə hesab edir və bu, ölkənin xarici siyasətinin əsas prinsiplərindən biridir.
“Bizim qardaşlarımız Araz çayının o tayında yaşayırlar. Ərazi bütövlüyü və suverenliyə hörmət bizim üçün fundamental prinsipdir. Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına imkan verməz. Arazın o tayında yaşayan insanlar milliyyətindən və dinindən asılı olmayaraq bizim qardaşlarımızdır. Buna necə icazə verə bilərik?” – deyə H. Hacıyev bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, bu iddialar texniki baxımdan da mümkün deyil.
“İsraildən buraya necə gələ bilərlər? Bunun üçün Türkiyə ərazisindən keçməlidirlər. Nə Türkiyə, nə də Azərbaycan buna icazə verər. Bu necə baş verə bilərdi? Bu cür iddialar sırf çirkin təbliğat elementləridir”, – deyə H. Hacıyev qeyd edib.