İrəvanda Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqəsinin yaradılması layihəsinə həsr olunmuş danışıqlar keçirilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstounla görüşərək “Beynəlxalq sülh və tərəqqi naminə Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsini müzakirə edib.
Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər layihənin texniki və logistik aspektlərini, eləcə də regional nəqliyyat əlaqələrinin inkişafı məsələlərini nəzərdən keçiriblər.
Bildirilib ki, görüş iştirakçıları layihənin qısa müddətdə icrasına başlanılmasında maraqlı olduqlarını vurğulayıb, həmçinin Ermənistanın beynəlxalq nəqliyyat və infrastruktur şəbəkəsinə inteqrasiyası perspektivlərini müzakirə ediblər.
Danışıqlarda ABŞ Dövlət Departamentinin Yeni Sahibkarlıq Fondunun rəhbəri Konstantin Sokolov da iştirak edib. Qərb KİV-lərinin məlumatına görə, o, Mərkəzi Asiyada ticarət dəhlizlərinin inkişafı üçün ayrılmış 200 milyon dollardan çox vəsaitin bölüşdürülməsinə nəzarət edəcək.
Görüşdə infrastruktur layihələri ilə yanaşı, iqtisadi əməkdaşlıq proqramları və Ermənistanın enerji dayanıqlığının gücləndirilməsi məsələləri də müzakirə olunub.
TRIPP layihəsi nəyi nəzərdə tutur?
TRIPP layihəsi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçəcək nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur. Layihəyə əsasən, marşrut Ermənistan ərazisində 42 kilometrlik hissəni əhatə edəcək və daha sonra Türkiyə ilə birləşəcək.
Təşəbbüs çərçivəsində avtomobil və dəmir yolu xətlərinin, həmçinin neft-qaz infrastrukturunun tikintisi planlaşdırılır.
Məlumata görə, layihə üzrə hazırlıq işlərinə artıq başlanılıb. May ayında ABŞ-nin AECOM mühəndislik-konsaltinq şirkətinin mütəxəssisləri ABŞ Dövlət Departamentinin fondunun sifarişi ilə marşrutun Ermənistan hissəsində ilkin araşdırmalara başlayıblar.
Bundan sonra, iyunun 4-də İrəvan və Vaşinqton Ermənistan ərazisində TRIPP layihəsinin həyata keçirilməsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar.
2025-ci ilin avqustunda isə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyev birgə bəyannamə imzalayıblar. Sənəddə Ermənistanın ABŞ və digər tərəfdaşlarla birlikdə layihənin tam hüquqlu infrastruktur çərçivəsinin hazırlanması istiqamətində fəaliyyət göstərəcəyi qeyd olunub.
Mənbə: Jnews.az