İsrail hökuməti Təl-Əvivə avtomobillə giriş üçün yol rüsumunun tətbiqini təsdiqləyib. “The Jerusalem Post” qəzetinin məlumatına görə, yeni ödənişli giriş sistemi meqapolisdə tıxacları azaltmaq və ictimai nəqliyyatdan istifadəni təşviq etmək məqsədilə 2028-ci ildə fəaliyyətə başlayacaq.
Layihənin ilkin olaraq 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, onun icrası təxirə salınıb. Sistemin dəqiq işə düşmə tarixi ilə bağlı yekun qərarı İsrailin növbəti hökuməti verəcək. Hazırkı plana əsasən, sistemin 2028-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Həmin vaxta qədər Təl-Əvivdə sürətli tramvayın yeni xətlərinin də istifadəyə açılması planlaşdırılır.
Tariflər və ödəniş zonaları
Təl-Əviv üç tarif zonasına – xarici, orta və daxili zonalara bölünəcək. Səhər pik saatlarında, 06:30-dan 10:00-dək hər zonaya giriş üçün sürücülər 10 şekel ödəyəcəklər.
Axşam pik saatlarında isə, 15:00-dan 19:00-dək xarici zona üçün tarif 2,5 şekel, orta və daxili zonalar üçün isə 5 şekel olacaq.
Minik avtomobilləri üçün maksimum gündəlik ödəniş 37,5 şekel müəyyən edilib. Yük avtomobilləri ikiqat tarif ödəyəcək. Taksilər üçün tariflər iki dəfə azaldılsa da, onlar üçün gündəlik maksimum ödəniş limiti tətbiq edilməyəcək. Motosiklet sürücüləri və əlilliyi olan şəxslər üçün parkinq icazəsinə malik avtomobil sahibləri isə yeni rüsumdan tamamilə azad ediləcəklər.
İnfrastruktur və maliyyələşdirmə
Sistemə nəzarət məqsədilə şəhərin giriş-çıxışlarında 220 elektron darvaza quraşdırılacaq. Dövlətlə bağlanmış müqaviləyə əsasən, sistemin hazırlanması və texniki xidməti Electra Group, telekommunikasiya infrastrukturunun qurulması isə Partner Group tərəfindən həyata keçiriləcək. Layihənin ən azı 20 il istismar olunması nəzərdə tutulur.
Hökumət rüsum hesabına dövlət büdcəsinə hər il təxminən 1,4 milyard şekel daxil olacağını proqnozlaşdırır. Bu vəsaitin yarısı ictimai nəqliyyatın inkişafına yönəldiləcək, qalan hissəsi isə Təl-Əviv rayonunda ümumi dəyəri 175 milyard şekeldən çox olan metro layihəsinin qismən maliyyələşdirilməsinə sərf ediləcək.
Mənbə: 9tv.co.il