NATO-nun iyulun 7-8-də Ankarada keçirilməsi planlaşdırılan sammitinin gündəliyi müəyyənləşib. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran əsas mövzuları «X» sosial şəbəkəsindəki paylaşımında açıqlayıb. Onun sözlərinə görə, Avro-Atlantika üçün təhdidlər, Ukrayna məsələsi və NATO-nun cənub cinahındakı son vəziyyət liderlərin diqqət mərkəzinə gələcək.
Gündəlikdə nə var?
“Sammitdə hərtərəfli yanaşma konsepsiyası çərçivəsində müdafiə büdcələrinin artırılması barədə qərara uyğun olaraq atılan addımlar, habelə alyansın çəkindirmə və müdafiə sahəsindəki səyləri qiymətləndiriləcək. Həmçinin liderlər səviyyəsində strateji kontekstdə Avro-Atlantik region üçün təhdidlər, risklər və çağırışlar mövzusunda fikir mübadiləsi aparılacaq. Ukraynadakı vəziyyət və NATO-nun cənub cinahındakı son hadisələr müzakirə olunacaq”.
Duranın açıqlamasına əsasən, iyulun 8-də Şimali Atlantika Şurasının iclası dövlət və hökumət başçıları formatında keçiriləcək. Tədbirə ev sahibliyi isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.
Sammit miqyası: 32 ölkə, 100 nazir
Zirvə görüşündə 32 üzv ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Bundan əlavə, tədbir çərçivəsindəki görüşlərə 100-ə yaxın nazir qatılacaq. Sammit ərazisində təhlükəsizliyi təmin etmək üçün 56 000-dən çox hüquq-mühafizə orqanı əməkdaşı səfərbər edilib. Bu da tədbirə nə qədər yüksək prioritet verildiyin aydın şəkildə göstərir.